"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Bədəl Bədəlov

ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti

 


Bədəl Bədəlov

– Hörmətli Bədəl müəllim, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf prosesləri geniş vüsət alıb. Böyük işlər görülür, şəhər və kəndlərin siması dəyişir, müasirləşir. Respublikamızın ən böyük şirkəti, iqtisadiyyatımızın lokomotivi sayılan SOCAR bu prosesə hansı töhfələri verir?

– Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə, böyük qətiyyətlə məqsədyönlü şəkildə işləyib hazırladığı və gerçəkləşdirdiyi yeni neft strategiyası hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial yönümlü siyasət xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir və rəğbətlə qarşılanır, həyatımızın müxtəlif sahələrində köklü islahatların aparılmasına, abadlıq-quruculuq işlərinin görülməsinə geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşların rifah halının daha da yüksəldilməsi məqsədilə təsdiq etdiyi mühüm dövlət proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin proqramlarda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təkcə paytaxt Bakıda deyil, eləcə də ölkənin bütün bölgələrində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, səhiyyə ocaqlarının, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. SOCAR ictimai məsuliyyətini dərindən dərk edən bir şirkət olaraq respublikamızda həyata keçirilən bütün mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir. Respublikamızın hər yerində əsaslı tikinti və təmir işləri aparılır. Ötən illərdə Naftalan şəhərində Mərkəzi Parkda, Astara rayonunda, Siyəzən şəhərində bir sıra abidə kompleksləri əsaslı təmir edilmişdir. Ölkəmizin səhiyyə sisteminin yeniləşməsində mühüm əhəmiyyət kəsb etmiş layihələrimiz respublika ictimaiyyətinə yaxşı məlumdur. Ötən illər ərzində SOCAR tərəfindən Lənkəran, Şirvan, Qazax, Gəncə şəhərlərində, Bərdə, Zaqatala, Qəbələ, Quba, Cəlilabad, Şamaxı və Xızı rayonlarında həmin bölgələrin əhalisinə yüksək tibbi xidmət göstərən Müalicə-Diaqnostika Mərkəzi, eləcə də Tovuz rayonunda Hemodializ və Diaqnostika Mərkəzi, Füzuli rayonunda Tibb Mərkəzi, Balakən və Qusar rayonlarında Mərkəzi Xəstəxana binaları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, Goranboy rayonunda 5 orta məktəb, üzgüçülük hovuzu, Zaqatala rayonunda 500 yerlik lisey, Balakən rayonunda 2 orta məktəb, 2 mədəniyyət evi, 1 kitabxana, Qusar rayonunda 4 orta məktəb, Göygöl rayonunda 1 orta məktəb, Bakının Türkan qəsəbəsində 300 yerlik və Binə qəsəbəsində 1040 yerlik orta məktəb binaları inşa edilmişdir.

Həmçinin bir çox rayonlarda Azərbaycan Respublikasının Dövlət Bayrağı quraşdırılmış, Qusar, Naftalan, Şamaxı və Ağsu şəhərlərində, Siyəzən, Xocavənd, Astara, Ağdam, Xızı və Biləsuvar rayonlarında Dövlət Bayrağı meydanlarının ətraf əraziləri abadlaşdırılmış, Goranboy, Astara, Siyəzən və Qusar rayonlarında yerləşən Gənclər evi əsaslı təmir edilmişdir. Bir neçə rayonda əhalinin istirahətinin səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyan parklar əsaslı təmir olunmuş, Siyəzən şəhərində ulu öndər Heydər Əliyevin heykəlinin ətraf ərazisi, Ağsu şəhərindən Göyçay istiqamətinə gedən avtomobil yolunun ətrafı abadlaşdırılmış, Ağsu şəhərindəki Heydər Əliyev seyrəngahında tikinti işləri başa çatdırılmışdır.

Zabrat qəsəbəsində birmərtəbəli və ikimərtəbəli, Sabunçu qəsəbəsində ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları qəzalı vəziyyətdə olduqları üçün sökülüb yenidən tikilmiş, Səbail, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarındakı bir çox qəzalı yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır. Bundan əlavə, Xətai rayonunda Fransız liseyinin və Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 2 saylı 220 şagird yerlik xüsusi internat məktəbinin tikintisi başa çatdırılmışdır.

Qaradağ rayonu Lökbatan qəsəbəsində, Ə.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisində “Bibiheybətneft” NQÇİ-nin yeraltı təmir və xüsusi texnika sexi tikilərək istismara verilmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin mövcud inzibati binasında yenidənqurma işləri başa çatdırılmışdır. Şirkətin dünya standartlarına uyğun inşa edilən və şəhərimizin ən müasir arxitektura nümunələrindən biri olan yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir.

– Bu gün Azərbaycan artıq bir idman ölkəsi kimi bütün dünyada tanınır. “Bakı–2015” Birinci Avropa Oyunları öl-kəmiz üçün tarixi hadisələrdən birinə çev-rildi. Cəmisi iki il yarım müddətində idman infrastrukturu tamamilə yeniləndi, ən müasir standartlara uyğun yeni qurğu və obyektlər tikilib istifadəyə verildi. Azər-baycanda keçirilən Birinci Avropa Oyun-ları bütün dünyanı heyran qoydu. Bilirik ki, SOCAR da oyunların yüksək səviy-yədə təşkilinə mühüm töhfələr verdi...

– Bildiyiniz kimi, Bakı Olimpiya Stadionunun təməli 6 iyun 2011-ci ildə qoyulmuşdur. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Jozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və digər qonaqlar iştirak etmişlər. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən bu stadion Sabunçu rayonunda, metronun “Koroğlu” stansiyası yaxınlığında inşa olunmuşdur. 68 min tamaşaçı tutumuna malik irimiqyaslı sosial layihələrdən olan Bakı Olimpiya Stadionunun tikintisi 2015-ci ilin fevral ayında başa çatdırılmışdır. Azərbaycan öz tarixində ilk dəfə Avropa miqyaslı möhtəşəm idman bayramına ev sahibliyi etdi. “Bakı–2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda keçirildi. Hər bir Azərbaycan vətəndaşının sonsuz qürur mənbəyinə çevrilən bu nəhəng idman tədbiri ölkəmizi bütün dünyanın diqqət mərkəzinə gətirdi, iqtisadi qüdrətimizi bir daha bütün dünyaya nümayiş etdirdi. Bəli, hər bir Azərbaycan vətəndaşı bu hadisəni böyük qürür hissi ilə qarşıladı, təbii ki, mən də sonsuz fərəh hissi duydum. Çünki bu işlərdə SOCAR-ın da zəhməti var idi. Bakı Olimpiya Stadionu, mübaliğəsiz demək olar ki, nəinki bölgəmizdə, habelə dünya miqyasında yüksək qiymətləndirilən, bütün parametrlərinə görə heyranlıq doğuran bir idman qurğusudur. Təsadüfi deyil ki, bu günlərdə inşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlamış və Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunmuşdur. Qeyd edim ki, ENR jurnalının dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınır. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer almışdır. Sentyabrın 10-da Nyu-Yorkun “Grand Hyatt” hotelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından “İlin ən yaxşı ümumdünya layihəsi” seçiləcəkdir. Bakı Olimpiya Stadionunun bu mərasimdə nüfuzlu mükafatçılar sırasında olacağı heç kimdə şübhə doğurmur.

– Hörmətli Bədəl müəllim, neftçilərin sosial-məişət problemlərinin həlli həmişə SOCAR-ın sosial siyasətinin diqqət mərkəzində olub. Bu gün şirkətdə sosial xidmətin strukturu necədir, neftçilərin rifah halının artırılması üçün hansı yeni iş formalarından istifadə olunur?

– Çoxminli neftçilər ordusunun sosial problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayan SOCAR bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Ötən dövr ərzində şirkətimiz tərəfindən sosial obyektlərin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində aparılmış işlər çoxminli neftçilər ordusunun rəğbətini qazanmışdır. SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə müvafiq əmr-qərarı ilə təsdiq edilmiş, 494 bənddən ibarət «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2011–2015-ci illər üçün sosial-inkişaf proqramı»na uyğun olaraq yerinə yetirilməsi nəzərdə tutulmuş tədbirlərdən 182 bənd üzrə işlər tam, 121 bənd üzrə işlər isə qismən yerinə yetirilmişdir və digər bəndlər üzrə işlərin başlanmasına hazırlıq görülür.

SOCAR-da çalışanların əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması bu sahədə prioritet məsələlərdəndir. Şirkətin strukturunda sonradan yaradılmış «Azəriqaz» İstehsalat Birliyi üzrə qısa müddətdə mühüm dəyişikliklər baş vermişdir. Nizami, Zaqatala, Siyəzən, Şabran, Qusar, Salyan, Tərtər, Şamaxı, Lənkəran qaz istismar sahələri (QİS) üçün yeni inzibati binalar tikilmiş, müasir avadanlıq və ofis mebelləri ilə təchiz olunmuş, optimal iş şəraiti yaradılmışdır. Daha 13 sahədə inzibati binalar əsaslı və cari təmir edilmiş, həyətyanı sahələrdə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmışdır. İstilik sistemləri quraşdırılmış, normal iş şəraiti üçün lazım gələn digər zəruri tədbirlər görülmüşdür. Birlik üzrə 11 duşxana, 12 soyunub-geyinmə otağı, 12 istirahət guşəsi, 8 köşk tikilib istifadəyə verilmişdir. “Azəriqaz”ın idarəetmə aparatı üçün həyətdə müasir tələblərə cavab verən 120 yerlik yeni yeməkxana binası inşa olunmuş, eyni zamanda Abşeron, Xəzər, Qaradağ QİS-lərdə tikilib istifadəyə verilmiş yeməkxanalar lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Yaşayış məntəqələrindən uzaqda yerləşən istehsalat sahələrində içməli su təminatı həllini tapmış, nahar fasiləsi zamanı işçilərin istirahət etmələri üçün 22 sahədə xüsusi guşələr yaradılmış, bəzi sahələrin həyətində açıq tipli mini-idman meydançaları tikilmişdir.

«Azərikimya» İstehsalat Birliyi də şirkətimizin tərkibində sonradan yaradılmış struktur bölməsidir. Burada da sosial obyektlərin yenidənqurma işləri böyük zəhmət və vəsait qoyuluşu tələb etdi. «Etilen-polietilen» zavodunda qaz məhsullarının qəbulu və buraxılması sexinin, neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsinin inzibati binaları əsaslı təmir olundu, ən müasir avadanlıqlarla və ofis mebelləri ilə təchiz edildi, kişi və qadınlar üçün soyunub-geyinmə otaqları, anbar otağı, duşxanalar, sanitar qovşaqları istifadəyə tam yararlı vəziyyətə gətirildi, sexlərdə 24 və 20 nəfərlik qida qəbulu otaqları yaradıldı. Analoji tədbirlər “Təmir-tikinti” İdarəsinin T-2 məişət binasında da görüldü.

“Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma müəssisələrində, ilk növbədə dəniz mədənlərində çalışan əməkçilərin də qayğıları daim diqqətimizdə olmuşdur. Respublikanın neft və qaz hasilatında başlıca obyektlərdən olan «28 May» NQÇİ-nin 2, 5, 6, 8, 9, 10, 11, 15 və 19 saylı dərin dəniz özüllərində, eləcə də neftin ilkin hazırlanması və nəqli sahəsində yaşayış blokları əsaslı təmir edilmiş, bütün zəruri mebel və materiallarla təchiz edilərək neftçilərin istifadəsinə verilmişdir. Hazırda 14 saylı özüldə təmir işləri davam etdirilir. 4 saylı özüldə tikilən qazlift kompressor stansiyasında çalışacaq 60 nəfər işçi üçün yeni yaşayış bloku yaradılmış, lazım olan mebel və avadanlıqlarla təchiz edilmişdir. Sanitar qovşaqlarında tamamlama işləri aparılır. 3, 5 və 8 saylı dərin dəniz özüllərində isitmə-soyutma sistemi, 10 saylı özüldə məişət evi, elmi tədqiqat istehsalat işləri sahəsində isə inzibati bina tikilib istifadəyə verilmişdir. Hazırda, demək olar ki, bütün dəniz özüllərimizdə kayut-kompaniyalar, qırmızı guşələr, avtonom yeməkxanalar, rahat yaşayış otaqları fəaliyyət göstərir. Hər cür avadanlıqla təchiz edilmiş bu yaşayış-məişət obyektləri çətin dəniz şəraitində çalışan neftçilərin əmək məhsuldarlığı baxımından mühüm amillərdəndir. Dəniz obyektlərində əməkçilərin normal qidalanmasının təşkili də ciddi məsələdir. Bildiyiniz kimi, SOCAR-ın bütün işçiləri, ilk növbədə isə dəniz neftçiləri pulsuz yeməklə təmin olunur. Yeni yaradılan obyektlərdə bunun üçün müvafiq infrastruktur yaradılır. «Günəşli» yatağındakı dərin dəniz özüllərində, “Ümid” yatağındakı 1 saylı dərin dəniz stasionar özülündə, həmçinin “28 May” NQÇİ-nin Neft Daşları ərazisində yerləşən qazın ilkin hazırlanması və nəqli və kompressor təsərrüfatı sahəsinin sıxıcı kompressor stansiyasında növbəli iş üsulu ilə (vaxt metodu ilə) işləyən 2300 nəfərə yaxın neftçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə pulsuz təmin olunmuşdur.

Çilov adasında yerləşən İstehsalata Xidmət Bazası (İXB), quyuların əsaslı yeraltı təmiri və istismar avadanlıqlarının təmiri sahələrinin inzibati binalarının dam örtükləri dəyişdirilmiş, İXB-də əsaslı təmir işləri aparılmışdır. Hazırda adadakı 4 saylı ailəvi yataqxananın dam örtüyü dəyişdirilir. Ada sakinlərinin suya olan tələbatının ödənilməsi məqsədilə hər birinin həcmi 1000 kubmetr olan 2 su anbarı tikilib istifadəyə verilmişdir. Çay evinin, gəmi yanalma körpüsündə yeni gözləmə zalının tikintisi də başa çatmışdır. Sakinlərin dayanıqlı elektrik enerjisi ilə təmin olunmaları üçün adada qazturbin stansiyası tikilmişdir. SOCAR-ın mühüm neft-qazçıxarma bölmələrindən birinin Çilov adasında yerləşməsi, habelə burada yaşayanların böyük əksəriyyətinin neftçilər olması nəzərə alınaraq şirkətimiz adada abadlıq-quruculuq işlərinin aparılmasına həmişə böyük diqqət yetirir və bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Hazırda orada müasir idman sağlamlıq və istirahət kompleksi, 280 yerlik mədəniyyət evi tikilir. Adada bir neçə yataqxanamız var, lakin işçilərin tələbatı da artır. Bunu nəzərə alaraq keçmiş uşaq bağçasının inzibati binasının yaşayış sahəsinə çevrilməsi ilə əlaqədar yenidənqurma işləri aparılır.

Əfsanəvi «Neft Daşları»nın sosial siması tanınmaz dərəcədə dəyişmişdir. NQÇİ-nin balansındakı yataqxana korpuslarında mütəmadi olaraq cari təmir işləri aparılır. Çay evində, vertolyot meydançasında, qəsəbə və park ərazisində təmizlik işləri görülür. Estakadalar üzərində salınmış bu nəhəng istehsalat kompleksində yollar təmizlənmiş, parkda qazon salınmış, ağaclar budanmışdır. NQÇİ-nin istismar avadanlığının təmiri, neftin kompleks hazırlanması və nəqli, həmçinin lay təzyiqinin saxlanması və tədqiqat işləri sexləri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. 1, 2, 4 və 5 saylı neft-qazçıxarma sexlərinin inzibati binalarında, sanitar qovşaqlarında, mətbəxlərində əsaslı və cari təmir işləri aparılmış, 4 saylı neft-qazçıxarma sexinin 252 saylı və 2 saylı sexin 203 saylı meydançalarında yeni yeməkxanalar istifadəyə verilmişdir. NQÇİ-nin inzibati binası və 1 saylı yataqxana kompleksi sutka ərzində fasiləsiz isti su ilə təmin edilir.

N.Nərimanov adına NQÇİ-nin istehsalat obyektlərində işləyən neftçilərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yataqxana, anbar və digər tipli 30-dək məişət evcikləri alınaraq sahələrdə quraşdırılmışdır. Yaxın günlərdə 122 saylı stasionar dəniz özülündə “Osmos” tipli bioloji təmizləmə qurğusunun quraşdırılması nəzərdə tutulur. “Azneft” İstehsalat Birliyinin tabeliyində olan ”Abşeronneft”, Ə.C.Əmirov adına, H.Z.Tağıyev adına, “Bibiheybətneft” Neft və Qazçıxarma idarələrində və digər struktur qurumlarında da işçilərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmışdir.

İşçilərin istirahət və asudə vaxtlarının təşkili də SOCAR-ın həyata keçirdiyi sosial yönümlü fəaliyyətin bir hissəsidir. Belə ki, ötən dövr ərzində respublikanın istirahət zonalarında ümumilikdə 1371 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin 2, 3 və çoxgünlük istirahətləri təşkil edilmişdir. Müalicəyə ehtiyacı olan 541 nəfər neftçi sanator-kurort müalicə mərkəzlərinə göndərilmiş, eyni zamanda Naftalan şəhərində 1332 nəfərə yaxın işçinin müalicəsi təmin olunmuşdur.

SOCAR əməkçilərinə “Maddi yardım verilməsi haqqında əsasnamə”yə uyğun olaraq müraciət edən işçilərə maddi yardım verilir, şəhid ailələri və müharibə əlilləri daim diqqət mərkəzində saxlanılır.

– SOCAR neftçilərin mənzil problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına, eləcə də veteran və təqaüdçülərə maddi dəstəyin göstərilməsinə yönəldilmiş hansı sosial və xeyriyyə layihələrini həyata keçirir? Əməkdaşların sağlamlığının qorunmasına daim böyük önəm vermiş şirkətdə tibbi siğorta işi necə təşkil olunub?

– Doğrudur, neftçilərin sosial-məişət məsələləri bizim üçün ən əsas fəaliyyət istiqamətlərindəndir. Burada neftçilərin mənzil probleminin həlli xüsusi yer tutur ki, bu da təbiidir. SOCAR üzrə hazırda 4244 nəfər işçi mənzil uçotundadır. Onların 442 nəfəri respublikanın müxtəlif rayonlarında (Siyəzən, İmişli, Kürdəmir, Salyan, Neftçala və Şirvan), 3802 nəfəri isə Bakı şəhərindədir. SOCAR üzrə mənzil uçotu mərkəzləşdirildikdən sonra 660 nəfər mənzil uçotunda olan işçi pulsuz mənzillərlə (o cümlədən SOCAR-ın balansında olan qeyri-yaşayış sahələrində müvafiq təmir işləri aparılaraq yaşayış sahələrinə çevrilmiş mənzillərlə) təmin olunub. Onlardan 30 nəfəri Şirvan şəhəri üzrə mənzil uçotunda olanlardır. 1259 əməkdaşımız isə “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa edilən binalarda mənzil alıb. Eyni zamanda indiyə qədər SOCAR-ın “Təqaüd proqramı” çərçivəsində təhsilini başa vurub və şirkətdə çalışan 81 təqaüdçü gənc də kooperativə üzv qəbul olunmuşdur. “Neftçi” mənzil-tikinti kooperativi SOCAR üzrə uçotda olanların mənzillə daha tez təmin olunması məqsədilə təsis edilmişdir. Kooperativ üzvlərinin pay haqqının müəyyən hissəsi onların uçot qeydiyyat tarixinə uyğun olaraq şirkət tərəfindən ödənilir. Əgər kooperativ üzvü SOCAR üzrə mənzil uçotunda qeydiyyata 1984-cü ilə qədər götürülübsə, şirkət onun pay haqqının 70%-ni ödəyir. Qeydiyyata sonrakı illərdə düşənlər üçün SOCAR-ın kooperativə ödəyəcəyi pay haqqı hər ilə görə 2% azalır, üzvün pay haqqı isə müvafiq olaraq 2% artır. Eyni zamanda hazırda SOCAR-da çalışan təqaüdçü məzunların yaşayış sahəsinə ehtiyacı olduqda 2 otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu halda gənc mütəxəssislərin pay haqqının 50%-i SOCAR tərəfindən ödənilir. Şirkət həmçinin “Neftçi” mənzil-tikinti kooperativ üzvlərinin pay haqlarının kreditləşməsi qayğısına da qalır. Bununla əlaqədar 2011-ci ildən SOCAR, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti və “Neftçi” mənzil-tikinti kooperativi arasında çərçivə sazişi qüvvədədir. Sazişə əsasən, “Neftçi” mənzil-tikinti kooperativ üzvlərinin pay haqları 10 ildən artıq olmamaq şərti ilə illik 4% dərəcəsi ilə kreditləşdirilir. Bu günə qədər kooperativ tərəfindən Səbail rayonu Badamdar qəsəbəsinin Əziz Nəzərov küçəsi – 76 ünvanında 12 mərtəbəli 96 mənzilli, Yeni Yasamal yaşayış massivində Xarici Dairəvi küçəsi ilə Talıblı küçəsinin kəsişməsində 17 mərtəbəli 232 mənzilli, Xətai rayonunun A.İsmayılov küçəsi – 35 C ünvanında 12 mərtəbəli (+mansard) 303 mənzilli və Lökbatan qəsəbəsində 312 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Hazırda Sahil qəsəbəsində 204 mənzilli yaşayış binalarında son tamamlama işləri aparılır, Xətai rayonunun M.Hadi küçəsində 9 mərtəbəli 128 mənzilli yeni yaşayış binasının tikintisi isə davam etdirilir. Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Mədən küçəsi – 6 ünvanında 96 mənzilli yeni yaşayış binalarının və Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 May küçəsində 452 mənzilli yaşayış kompleksinin, eyni zamanda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikintisi məqsədilə hazırlıq işləri aparılır. Bundan əlavə, SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün Suraxanı rayonu Hövsan qəsəbəsinin qərb hissəsində 12,51 hektar torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlarda həmin torpaq sahəsinin bölgüsü aparılacaqdır. Rayonlarda mənzil uçotunda olan neftçilərin yaşayış sahələri ilə təmin olunması üçün həmin rayonlarda SOCAR-ın istifadəsində olan sənaye təyinatlı 31,05 hektar torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə sənədləşdirmə aparılmışdır.

2012-ci ilin yanvar ayından etibarən SOCAR əməkdaşlarının sağlamlığının mühafizəsini gücləndirmək məqsədilə onların könüllü tibbi sığorta ilə təmin edilməsi barədə qərar verilmişdir. Hazırda bu proqram çərçivəsində 55.000-ə yaxın neftçiyə tibbi xidmət göstərilir. Əməkdaşlarımız respublikanın əksər müasir xəstəxana və tibb müəssisələrində təcili və təxirəsalınmaz yardım, ambulator və stasionar müalicə, dövri profilaktik müayinələr və s. ilə təmin edilirlər. Müxtəlif dövrlərdə istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək xəsarəti almış sabiq işçilərin könüllü tibbi sığortalanması məsələsi də diqqətdən kənarda qalmamış, onlar da proqrama daxil edilmişlər. Təqaüdçülər də yaddan çıxarılmayıb. SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işləyib müxtəlif dövrlərdə yaşa görə, güzəştli şərtlərə görə, xəstəliklə bağlı əmək qabiliyyətinin tam itirilməsinə görə təqaüdə çıxmış şəxslərin, həmçinin sonuncu iş yeri SOCAR olmaqla əvvəlki illərdə təqaüdə çıxmış və əmək fəaliyyətini davam etdirərək sonradan işdən azad olunmuş şəxslərin könüllü tibbi sığortalanması həyata keçirilir. Proqram üzrə əməkdaşlıq etdiyimiz tibb müəssisələrində sığortalı neftçilərin ailə üzvlərinin müayinə və müalicəsində də güzəştlər tətbiq edilir. Dövri tibbi müayinəyə cəlb olunan işçilərə il ərzində keyfiyyətli xidmət göstərilməsi daimi nəzarət altındadır. Sığorta proqramının həyata keçirilməsində ortaya çıxa bilən mübahisəli məsələlərə aydınlıq gətirilməsi üçün baş ofisdə “qaynar xətt” fəaliyyət göstərir. 2015-ci ilin 6 ayı ərzində “qaynar xətt”ə 260-dan artıq müxtəlif xarakterli zənglər daxil olmuş və bütün müraciətlər operativ şəkildə araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Bundan əlavə, tibbi xidmətlə bağlı müraciət edənlərin sualları kütləvi informasiya vasitələrində də mütəmadi olaraq cavablandırılır.

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda SOCAR da fəal iştirak edir. Şirkət proqram çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşularaq Azərbaycan Talassemiya Federasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə “donor günləri”nin keçirilməsi barədə səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. 2009-cu ildən etibarən SOCAR-ın idarə və müəssisələrində talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyaları təşkil olunur. Təkcə 2014–2015-ci illərdə keçirilmiş aksiyalarda 2207 nəfər donor iştirak etmişdir