"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Noyabr ayının 18-də görkəmli neftçi-alim, Azərbaycanda və keçmiş Sovet İttifaqında neft işinin məşhur təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anadan olmasının 105 illiyi tamam olur

 


Süleyman Vəzirov fenomeni

Süleyman Azad oğlu Vəzirov müasirlərinin xatirəsində yüksək erudisiyalı neftçi, xeyirxah və nəcib bir insan kimi əbədiləşmişdir. Onun ömür yolu ötən əsrin 25–70-ci illərində Azərbaycanın neft-qaz sənayesində baş vermiş böyük dəyişikliklərin, dövrün ictimai-siyasi həyatının aynasıdır, – desək, səhv etmərik.

Süleyman Vəzirov 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlmişdir. Onun atası Azad bəy Vəzirov Sankt-Peterburqda hərbi təhsil almış, polkovnik rütbəsində xüsusi tapşırıqlar zabiti olmuşdur. Anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərim bəy Mehmandarovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildə Şuşa realni məktəbində oxumağa başlamış, sonra təhsilini Bakı Sənaye-İqtisad Texnikumunda davam etdirmişdir. Burada oxuyarkən o həm də kinomexanik köməkçisi işləmiş, texnikumu bitirdikdən sonra isə İliç buxtasında – mədəndə neftölçən vəzifəsində çalışmağa başlamışdır.

Neft mədənində çalışması və «Azneft» Birliyinin baş mühəndisi olan qohumu Fətulla bəy Rüstəmbəyovla söhbətləri onun sonrakı peşə seçimini müəyyən etmişdir. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsinə daxil olmuş və 1932-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Yüksəkixtisaslı mühəndis kimi o, Pirallahı, Lökbatan, Qaraçuxur neft-qaz yataqlarının işlənilməsində iştirak etmiş, vəzifə pillələri ilə də uğurla irəliləmiş, kamil mütəxəssisə çevrilmişdir.

Süleyman Vəzirov 1935–37-ci illərdə «Molotovneft» trestində (indiki Ə.Əmirov adına Neft-Qazçıxarma İdarəsi) mədən müdirinin müavini, 1937–40-cı illərdə “Kaqanoviçneft” trestinin (indiki Suraxanı Neft-Qazçıxarma İdarəsi) baş mühəndisi vəzifələrində çalışmışdır. Əməksevərlik, özünə və tabeliyindəkilərə qarşı tələbkarlıq, rəhbərlik etmək və birgə iş görmək qabiliyyəti 1940-cı ildə onun bütün geoloji-kəşfiyyat, qazma, neftçıxarma, emal işlərini və iri tikinti təşkilatlarını özündə birləşdirən ‘’Azneftkombinat’’a baş mühəndis vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. 30 yaşlı Süleyman Vəzirovun tutduğu vəzifənin məsuliyyətini və ozamankı ictimai-siyasi vəziyyəti nəzərə alsaq, onun hansı şəraitdə işlədiyini və ondan tələb olunan fədakarlığın dəyərini yaxşı başa düşərik.

«Azneftkombinat» nəinki Azərbaycanın neft-qaz sənayesində aparıcı rol oynayırdı, həm də keçmiş SSRİ-nin neft sənayesində həyata keçirilən işlərin 75 faizi bu strukturla bağlı idi. O illərdə neftçilər çox çətin şəraitdə işləyirdilər. İstehsalatda istənilən səhv mütəxəssisin həbsi, bəzən də həyatı bahasına başa gələ bilərdi. Amma Süleyman Vəzirov özünü layiqincə göstərə bildi: 1941-ci ildə Azərbaycan maksimum həcmdə, yəni 23,5 milyon ton neft hasil etdi və kombinatın baş mühəndisi S.A.Vəzirov “Lenin” ordeni ilə təltif olundu.

1942-ci ildə o, «Azneftkombinat»ın rəhbəri təyin edildi. Süleyman Vəzirov «Azneftkombinat»ın ilk azərbaycanlı rəhbəri idi. Bu isə çox şey demək idi: müharibənin ağır illərində neftçi və təşkilatçı kimi həqiqətən də dahi olmaq lazım idi ki, qarşıya çıxan problemlərin öhdəsindən gələ biləsən. Bu çətin dövrdə döyüşən ordunun və arxa cəbhənin yanacağa, sürtkü yağlarına ehtiyacını fasiləsiz ödəmək, yeni istehsal sahələri yaratmaq, bütün bunlarla yanaşı, lazım gəldikdə kadrları qoruyub saxlamaq lazım gəlirdi.

Müharibənin alovları içində yanan ölkədə Bakı neftinin cəbhəyə çatdırılmasının həlledici əhəmiyyəti var idi. Yanacağın və neft məhsullarının daşındığı yollar düşmənin əlinə keçmişdi. Neft və neft məhsullarının daşınması üçün yalnız bir yol, bir marşrut qalırdı ki, o da Bakı–Krasnovodsk (indiki Türkmənbaşı) yolu idi. Lakin Krasnovodskda neftin saxlanılması üçün çənlər yox idi. Belə bir vaxtda Süleyman Vəzirov Bakıdakı mövcud neft çənlərinin dənizlə tankerlərin yedəyində Krasnovodska aparılması təklifini irəli sürdü və məsələni çox asanlıqla həll etdi.

«Azneftkombinat»ın rəisi gecə-gündüz səfərlərdə idi: onu gah neft mədənlərində, gah maşınqayırma zavodlarında, gah da Türkmənistanın Krasnovodsk limanında görmək olurdu.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan neftçiləri böyük hünər göstərərək 1941–45-ci illərdə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal etdilər.

Bu rəqəmlər indi sadə səslənir. Lakin nəzərə alanda ki, bu göstəricilər mü-tə-xəs-sislərin çatışmadığı, lazımi avadanlığın olmadığı, üstəlik də Stalin-Bağırov re-jiminin hökm sürdüyü bir vaxtda əldə edil-mişdir, onların mənası dəyişir. Qeyd et-məliyik ki, bu nailiyyətlərdə Süleyman Vəzirov fenomeninin mühüm rolu ol-muş-du.

«Vəzirov, sən ömrünü qazamatda başa vuracaqsan!» sözlərini o, respublikanın rəhbəri Mircəfər Bağırovdan dəfələrlə eşitmişdi. Bilirdi ki, bu hədə-qorxu çox asanlıqla gerçəkləşə bilər və müharibə dövründə hətta ən xırda bir səhv də onun həyatını, arzularını alt-üst edə bilər. Lakin biliyi, təşkilatçılıq bacarığı, sadəliyi, qayğıkeşliyi, eyni zamanda sərtliyi və tələbkarlığı sayəsində insanların dərin rəğbətini qazanmış Süleyman Vəzirov daim düzgün qərarlar qəbul edir, «Azneftkombinat»ın kollektivini çox mürəkkəb və ağır məsələlərin həlli işinə məharətlə səfərbər edirdi.

Süleyman Vəzirov fenomenini məhz bu keyfiyyətlər formalaşdırmışdı.

Müharibə illərində ölkə və neft sənayesi qarşısında xüsusi xidmətlərinə görə S.A.Vəzirov SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 yanvar 1944-cü il tarixli sərəncamı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

1945-ci ildə o, «Azneft» Birliyinin rəisi vəzifəsinə təyin edildi. Sülh dövrünün başlanması bir sıra yeni zəngin neft yataqlarının işlənilməsinə imkan yaratdı ki, bunlardan da biri Süleyman Vəzirovun fəal iştirakı ilə işlənilməyə daxil edilmiş Buzovna–Maştağa yatağı idi. Lakin Bağırov–Vəzirov münasibətləri mürəkkəbləşməyə başlamışdı. Bağırov heç bir səbəb göstərmədən S.Vəzirovu vəzifədən azad etdi və Bakını tərk etməsi üçün ona 24 saat vaxt verdi. S.Vəzirov Moskvaya getməli oldu. Bakı dəmiryol vağzalında onu yüzlərlə neftçi yola saldı.

1946-cı ildə SSRİ Nazirlər Soveti Süleyman Vəzirovu Sovet İttifaqının cənub və qərb rayonlarında neft hasilatı üzrə baş idarənin rəisi vəzifəsinə təsdiq etdi. Bu təyinatdan sonra SSRİ-nin neft yataqlarının yarısı – Qroznı, Kuban, Ukrayna – onun fəaliyyət sferasına daxil oldu. SSRİ-nin neft sənayesinin məhz bu hissəsi müharibə zamanı tam dağıdılmışdı. Süleyman Vəzirovun başçılığı və bilavasitə iştirakı ilə çox qısa müddətdə mədənlər bir-birinin ardınca bərpa olundu və onların işlənilməsi prosesi davam etdirildi.

Keçən əsrin 40-cı illərində geoloqlar Türkmənistanda Qumdağ yatağını kəşf etmişdilər. O vaxt neft sahəsinə nəzarət edən Lavrenti Beriya Nikolay Konstantinoviç Baybakova yeni yatağın işlənilməyə daxil edilməsini tapşırmışdı və bu işin gedişini diqqətlə izləyirdi.

N.K.Baybakov Qumdağ yatağının mənimsənilməsini təşkilatçılıq bacarığına və neft sənayesindəki təcrübəsinə bələd olduğu Süleyman Vəzirova tapşırdı. 1949-cu ilin mart ayında şəxsən İosif Vissarionoviç Stalinin imzaladığı əmrlə Süleyman Vəzirov «Türkmənneft» Birliyinin müdiri təyin edildi.

Qum barxanları arasında yerləşən Qumdağ sahəsinin işlənilməsi üçün nə infrastruktur mövcud idi, nə də yol var idi. S.Vəzirov ilk növbədə Qumdağa Nebitdağdan yol, su və elektrik xətləri çəkdirərək neftçilər üçün yaşayış məntəqəsinin tikintisinə başladı və 1949-cu ilin sonunda Qumdağ sahəsində qazma işlərinə start verildi. Onu da qeyd edim ki, burada qazma işlərini müharibə vaxtı Bakıdan Türkmənistana köçürülmüş «Əzizbəyovneft» qazma kontorunun kollektivi həyata keçirirdi.

S.Vəzirovun insani keyfiyyətləri işin ağırlığından, yaşayış şəraitindən və eləcə də idarəetmə sistemindən asılı olmayaraq həmişə özünü ən yüksək şəkildə göstərirdi. O, Türkmənistanda işləməyə başlayanda eşitmişdi ki, Nebitdağ ətrafındakı həbsxanalarda xeyli azərbaycanlı neftçi siyasi dustaq kimi saxlanılır. S.Vəzirov ixtisaslı kadrların çatışmazlığını səbəb göstərərək dustaqları azad etdirməyə başlayır, ailələri ilə birlikdə onların Nebitdağda yaşamasına icazə alır. O vaxtlar «xalq düşməni» damğası vurulan adamların müdafiəsinə qalxmağın nə qədər təhlükəli olduğunu bilənlərin nəzərində Vəzirovun bu hərəkəti əsl qəhrəmanlıq idi.

Söz yox ki, qazılan birinci quyunu hamı intizarla gözləyirdi, xüsusilə də Nikolay Konstantinoviç Baybakov. Nəhayət, ona şad bir xəbər verildi: quyu böyük hasilatla fontan vurmuşdur.

Nebitdağ şəhəri uzun müddət «Türkmənneft» Birliyinin balansında olduğundan Süleyman Vəzirov şəhərin meri sayılırdı. Bu şəhərin meydana gəlməsi bilavasitə Süleyman Vəzirovun adı ilə bağlıdır.

Qumdağ yatağının kəşf edilməsinə və mənimsənilməsinə görə Süleyman Vəzirov SSRİ Dövlət mükafatına layiq görüldü. Onun Türkmənistanda işlədiyi dörd il yarımda «Türkmənneft» Birliyi neft hasilatını iki dəfə artırdı.

1953-cü ilin yazında keçmiş SSRİ-də Stalin epoxası sona yetdi. Artıq bu zaman Türkmənistandan Moskvaya qayıtmış S.Vəzirova baş idarədə iş təklif edilsə də, o, Neft Akademiyasında oxumağa üstünlük verdi. Həmin illərdə neft sənayesi Mərkəzi-Şərqi Sibirə yönəldilmişdi və S.Vəzirov da işləmək üçün oraya getməyi planlaşdırırdı. Lakin tale ona yenidən doğma vətəninə qayıtmaq kimi gözəl bir imkan hazırlamışdı.

1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi yaradıldı. Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev S.Vəzirovu respublikaya dəvət etdi. Beləliklə də Süleyman Vəzirov 1954-cü ildə Azərbaycanın ilk neft sənayesi naziri oldu.

S.Vəzirov Azərbaycanda kəşfiyyat işlərini genişləndirməyə başladı. Quruda və dənizdə kəşfiyyat işlərinin həcmi artdı. Çox qısa bir zamanda quruda Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz, dənizdə isə Qum adası və Palçıq pilpiləsi yataqları kəşf edildi. Lakin yeni yataqların açılması və onların abadlaşdırılması hələ işin yarısı idi. Süleyman Vəzirov neft sənayesinin inkişafı üçün prinsip etibarilə yeni proqram təklif etdi. O, respublikada neft sənayesinin gələcək inkişaf strategiyasını işləyib hazırladı və bu strategiyanın istiqamətlərini müəyyən etdi. Bu istiqamətlər yataqların bərpası, qazma işlərində yeni texnika və texnologiyanın tətbiqi, iki horizontun birgə işlənilməsi və bu kimi aktual məsələləri əhatə edirdi. Azərbaycanda dərin qazma texnologiyası, laylara konturarxası su vurulması, dənizdə neft hasilatı sahəsində yeni texnologiyanın tətbiqi, layların neftvermə əmsalının artması və digər işlərin təməli bilavasitə S.Vəzirovun iştirakı ilə qoyulurdu. Bir sözlə, o, Azərbaycan elmini neft işinə xidmət etməyə yönəltdi.

Azərbaycanda ilk dəfə dərinliyi 4000 metr olan quyu layihələşdirildi. O zaman üçün bu, fantastik bir dərinlik idi. 1955-ci il yanvarın 1-də 78 nömrəli quyu gündə 1 milyon kubmetr qaz hasilatı ilə fontan vurdu və Qaradağ qaz yatağı mənimsənilməyə daxil edildi.

Süleyman Vəzirov prinsip etibarilə yeni olan qapalı neft-qaz yığım sistemini işləyib hazırlamışdı ki, bu sistem keçmiş sovet respublikalarında indi də geniş tətbiq edilir.

Quyuya və yatağa birlikdə, kompleks şəkildə yanaşma prinsipinin tətbiqi də S.Vəzirovun adı ilə bağlıdır. Bu prinsip quyunun hazırda və gələcəkdə özünü necə göstərəcəyini, onun digər quyularla və bütövlükdə neft-qazlı laylarla əlaqəsini, yəni ümumi mənzərəni görməyə imkan verirdi.

Süleyman Vəzirov 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə irəli çəkildi, 1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri təyin edildi. Bu vəzifədə o, bir çox problemlərlə, ən əsası isə kimya sənayesinin yaradılması problemi ilə qarşılaşdı. Azərbaycanın kimya sənayesinin flaqmanı – Sumqayıt şəhəri və onun problemləri Süleyman Vəzirovun əsas diqqət obyektinə çevrildi. Burada superfosfat zavodunun tikilib istifadəyə verilməsi Azərbaycanın kimya sənayesi qarşısında yeni üfüqlər açdı.

Tutduğu vəzifəyə uyğun olaraq S.Vəzirov respublikada bir çox işlərlə məşğul olurdu. Lakin buna baxmayaraq o, neftçi olduğunu heç vaxt unutmurdu. Bununla əlaqədar olaraq düşünürəm ki, 1961-ci ildə Qum adasında baş vermiş yanğının söndürülməsi zamanı Süleyman Vəzirovun rolunu qeyd etmək yerinə düşərdi.

Neft mədənlərində əvvəllər də yanğınlar olmuşdu. Son dəfə güclü yanğın 1959-cu ildə Neft Daşlarında baş vermişdi. Lakin həmin yanğının söndürülməsində əldə edilmiş təcrübədən Qum adasında istifadə etmək mümkün deyildi. Qum adasında 5 quyu birdən yanırdı.

Hadisə 1961-ci il noyabrın 20-də baş verdi. 140 nömrəli quyu qazılıb qurtarmışdı. Gecə dəhşətli səs eşidildi, qazma qurğusu döşəməsinin altından su, qaz və gil qarışığı fontan vurdu.

Yanğın yerinə ilk gələnlərdən biri də S.Vəzirov idi. Yanğının söndürülməsi üçün qərargah yaradıldı və Süleyman Vəzirov qərargaha başçılıq etməyə başladı.

Dənizdə alov sütununun hündürlüyü 50 metrə, temperatur isə 1300–1400 dərəcəyə çatırdı. Belə bir vaxtda S.Vəzirov özünü itirmir, hər bir mütəxəssisin fikrini dinləyir, onu real vəziyyətlə müqayisə edərək qərar qəbul eləyirdi. Nəhayət, 56 gündən sonra yanğın ram edildi.

Belə ekstremal hadisələr S.Vəzirovun həyatında çox olmuşdur.

1965-ci ildə o, yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edildi. 1969-cu ilin yayında ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərkən Süleyman Vəzirov xəstəxanada idi və onların ilk görüşü də orada oldu. Heydər Əliyev ona baş çəkməyə gəlmişdi.

Sonrakı görüş zamanı Süleyman Vəzirovun xəstəliyini nəzərə alan Heydər Əliyev onu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin etdi. S.Vəzirov 1970-ci ildən ömrünün sonunadək bu vəzifədə çalışdı.

Süleyman Vəzirov uzunsürən xəstəlikdən sonra 1973-cü il fevralın 7-də dünyasını dəyişdi.

Neftçi adını uca tutan və peşəsi ilə daim fəxr edən Süleyman Vəzirovun dövlət və cəmiyyət qarşısındakı böyük xidmətləri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adla, SSRİ-nin dövlət mükafatı ilə, 4 “Lenin” ordeni və 6 “Qırmızı Əmək Bayrağı” ordeni ilə, bir çox medallar və fəxri adlarla qeyd olunmuşdu. Dəfələrlə o, Azərbaycan və Türkmənistan kommunist partiyaları mərkəzi komitələrinin üzvü, SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı seçilmişdi.

Mən bir qədər də Süleyman Vəzirovla bağlı öz təəssüratımı bölüşmək istəyirəm.

Süleyman Vəzirov Azərbaycan SSR neft sənayesi naziri olanda mən Neft Daşlarında çalışırdım. O vaxt Neft Daşlarında mən Süleyman Vəzirovun laylara konturarxası su vurulması, kompressor və dərinlik nasoslarının istismarında yeni texnologiyaların, mədənlərdə qapalı neft-qaz yığım sisteminin tətbiq edilməsi kimi təkliflərinin həyata keçirilməsində bilavasitə iştirak etmişəm. Bu unudulmaz insanla yaxından tanışlığım isə onun Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri vəzifəsində işlədiyi vaxta təsadüf edir. O vaxt mən «Başdənizneft» idarəsində çalışırdım və bir neçə dəfə Süleyman Vəzirovla birlikdə Moskvada ezamiyyətdə olmuşdum.

Moskvada haraya, hansı təşkilata gedirdiksə, onu böyük hörmətlə qarşı-la-yır və bizim məsələləri çox tez həll edir-di-lər. O vaxtlar Moskva respublikamızın üzərinə çox böyük planlar qoyur, lakin həmin planların yerinə yetirilməsi üçün çox az maddi-texniki vəsait ayırırdı. Mos-kvaya ezamiyyətlərimiz zamanı S.Vəzirov respublikanın üzərinə qoyulan planın azaldılması üçün Dövlət Plan Ko-mitəsində, təchizatın yaxşılaşdırılması üçün Təchizat Komitəsində əlindən gə-ləni edirdi. Süleyman müəllimin bu fəaliyyəti mənə həsr edilmiş ikihissəli bədii-sənədli «Fədakar» filmində də öz əksini tapmışdır. Filmdə vaxt məh-du-diyyətinə baxmayaraq, Süleyman Və-zirovla bağlı epizodların verilməsi və onun yad edilməsi mənə mənəvi bir rahatlıq gətirdi.

Süleyman Vəzirov neft sənayesinin ayrı-ayrı sahələrini, o cümlədən geologiya, qazma, neft yataqlarının işlənilməsi və s. məsələləri çox yaxşı bilirdi. Nikolay Baybakovun sözləri ilə desək, keçmiş Sovet İttifaqında Vəzirov bir nömrəli neftçi idi. SSRİ-nin neft sənayesində onu tanımayan yox idi. N.Baybakov SSRİ-nin neft sənayesi naziri olarkən həmişə təkrar edirdi ki, bura Süleyman Vəzirovun yeridir.

Süleyman müəllim barəsində sözümü mən jurnalist Nadejda İsmayılovanın bu görkəmli neftçiyə və unudulmaz insana həsr olunmuş «Suleyman Vezirov. Portret na fone veka» («Süleyman Vəzirov. Əsrin fonunda portret») kitabında demişəm və indi bir daha qeyd etmək istəyirəm ki, istər Azərbaycanda, istərsə də Türkmənistanda və Moskvada işləyərkən o özünün fenomenal qabiliyyətinə və çox səmərəli fəaliyyətinə görə həmişə birincilər sırasında olmuş, başçılıq elədiyi kollektivin mənafeyini qorumuş, işçilərə atalıq və müəllimlik etmişdir.

Süleyman Vəzirovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq, onun keçdiyi şərəfli əmək yolu isə nəsillərə daim örnək olacaqdır.