"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Son dövrdə respublikamızda neft hasilatı sahəsində böyük uğurlar qazanılıb, yeni yanaşma, novator qərarlar qəbul edilib, müasir texniki vasitələrdən istifadə olunub.

 


Neftçi-mühəndis Suğra Qayıbova

 Ölkədə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Köklü dəyişikliklər baş verir, yeni iqtisadi münasibətlər formalaşır. Neft sazişləri, onların reallaşması, neftin Qərbə nəqli ölkə iqtisadiyyatında böyük dəyişikliklərə yol açıb. Bütün bu möhtəşəm nailiyyətlər ümummilli lider Heydər Əliyevin müdrik təşəbbüsləri əsasında həyata keçirilib. Zəngin neft ehtiyatlarına, bir o qədər də zəngin neft sənayesi tarixinə malik olan xalqın neft muzeyi – neft sənayesinin inkişaf yollarını işıqlandıran elmi-mədəni mərkəzi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti 2008-ci il fevralın 4-də bununla bağlı fərman imzalamışdır. Neft sənayemiz böyük alim, mühəndis, neftçi ordusu tərəfindən yaradılıb və texniki cəhətdən təkmilləşdirilib. Onların adı və fədakar əmək fəaliyyəti gələcək neft muzeyinin ekspozisiyasında öz layiqli yerini almalıdır.

Neftçi-mühəndis Suğra Qayıbova da belə parlaq simalardan biridir.

Ötən əsrin uzaq 30-cu illərində azərbaycanlı qadının neft hasilatı sahəsində işləməsi, briqada başçısı, sonra da “Orconikidzeneft”in üçüncü mədənində rəis olması qeyri-adi hal idi. Köhnə buruq ustaları onu bu yoldan daşındırmağa çalışırdılar, deyirdilər ki, bu, qadın işi deyil. Amma gənc Suğra enerji dolu, zəhmətkeş və inadkar idi. İti ağlı və uzaqgörənliyi ilə seçilirdi. Onun qabaqcıl briqadası tezliklə “Ağır sənayedə sosialist yarışı əlaçısı” nişanına, sonra da keçici Qırmızı Bayrağa layiq görüldü. Bir neçə quyuda işin dayanması Suğranı çox narahat edirdi. Bu quyularda texnoloji rejimin yaxşılaşdırılması fasiləsiz işi və maksimum neft hasilatını təmin edə bilərdi. O, hamını səfərbər etdi və quyularda iş dayanmasın deyə onları fasiləsiz müşahidə altında saxlamaq tapşırığı verdi. Nəticədə bir çox quyular yenidən işə düşdü. 10 il istismar edilməyən 53 saylı quyu onun şəxsi təşəbbüsü sayəsində neft verməyə başladı.

Qayıbovanın Staxanov metodu belə yarandı. İşdə yüksək göstəricilər əldə etməsi, həmişə öndə getməsi hökumətin diqqətindən kənarda qalmırdı. Suğra Səlim qızı Qayıbova 27 yaşında “Lenin” ordeni ilə təltif olunmuşdu. 1940-cı ildə ordeni təqim edərkən M.İ.Kalinin ona demişdi: “Yaddan çıxarmayın, indi siz xüsusi qvardiyadasınız... bu isə həmişə mübarizənin önündə olmaq deməkdir”.

Azərbaycan neftçilərinin müharibə illərində göstərdikləri əmək rəşadəti hamıya məlumdur. Onlar çox gərgin şəraitdə işləyirdilər. Respublikada 100-ə yaxın silah növü hazırlanırdı, cəbhəyə fasiləsiz yanacaq göndərilirdi. Dörd il ərzində Azərbaycan cəbhəyə 75 milyon ton neft vermişdi. Bu, Azərbaycan neftçilərinin – qazma ustalarının, mühəndislərin, operatorların kollektiv əməyinin nəticəsi idi. Əlbəttə ki, Suğra Qayıbova da onların arasında idi. 1942-ci ildə o, “Azneft” Birliyinin nəzdində fəaliyyət göstərən “Azneftkombinat”da neft hasilatı şöbəsinin böyük mühəndisi işləyirdi. 1945-ci ildə onu neft-qaz şöbəsinin böyük mühəndisi təyin etdilər. Bu mətin qadın müharibə illərində bir an da olsun əmək fəaliyyətinin tempini aşağı salmadı. O da minlərlə neftçilərimiz kimi fədakarcasına çalışaraq qələbənin günbəgün yaxınlaşmasına cidd-cəhdlər göstərirdi. Müharibədən sonra 1948-ci ildə Suğra xanım neft sənayesi işçiləri üçün təkmilləşdirmə kurslarının rəhbəri təyin olundu. Sovet İttifaqının hər yerindən bu kurslara müdavimlər göndərilir, burada yüksəkixtisaslı kadrlar hazırlanırdı. Suğra xanım təqaüdə çıxanadək bu vəzifədə çalışdı.

Müharibənin bütün mərhələləri, həmçinin müharibədən sonrakı illərin dinc quruculuq işləri incəsənət əsərlərində – təsviri sənətdə, heykəltəraşlıqda, plakatlarda öz əksini tapmışdır. Əlbəttə ki əsas mövzu ön və arxa cəbhənin birliyidir. Xalqımızın qəhrəmanlığı həmin dövrdə yaradılmış sənət əsərlərində yaşayır. Azərbaycan Milli İncəsənət Muzeyində qabaqcıl mühəndis-neftçi Suğra Qayıbovanın büstü saxlanılır. Əsərin müəllifi heykəltəraş E.P.Tripolskayadir. Səliqə ilə yığılmış saçları, irəli zillənmiş qürurlu baxışları onun simasına xüsusi məna verir.

Bütün həyatını sevimli işinə həsr etmiş bu güclü, enerjili qadın ailəsinə də həmişə vaxt tapırdı. Dörd övladı vardı. Gərgin iş qrafiki hər gün övladlarının dərsləri ilə maraqlanmasına mane olmurdu. O, uşaqlarına musiqi təhsili də vermişdi. Onlar anaları təki istedadlı, özlərinə qarşı tələbkar insanlar kimi yetişmişdilər.