"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neft kəmərləri neft sənayesi adlanan orqanizmin “qan damarları”dır. Neft sənayesində boru kəməri nəqliyyatı ilk dəfə XIX əsrin 60-cı illərindən sonra yaranıb. 

 


Unikal Bakı-Batum boru kəmərinin tikintisi

 O vaxta qədər neft əvvəlcə çəlləklərdə, sonra isə sisternlərdə daşınırdı. 1863-cü ildə Dmitri Mendeleyev neftin mədənlərdən kəmərlərə ötürülməsi üçün borulardan istifadəni təklif etdi, 1877-ci ildə isə o, uzaq məsafələrə neft kəmərləri çəkilməsi ideyasını irəli sürdü. Həmin il ABŞ-a səfər edən Mendeleyev məqsədini belə izah edirdi: “Mən Amerikada neft işinin yüksəlişinin səbəbini axtarmaq, bizdə bu işə maneçilik törədən səbəbləri və onları aradan qaldırmaq yollarını araşdırmaq istəyirdim”.

Qeyd etmək lazımdır ki, dünyada ilk dəmir neft kəməri 1865-ci ildə ABŞ-ın Pensilvaniya ştatında çəkilmişdir. Kəmərin diametri 5 santimetr, uzunluğu 6 kilometr idi. XX əsrin əvvəllərində ABŞ-da 10 min kilometr uzunluğunda neft kəmərləri vardı. Bu kəmərlər Pensilvaniyanın neft mədənlərini Filadelfiya, Nyu-York, Klivlend və digər şəhərlərdəki zavodlarla birləşdirirdi. Neftin ölkədən çıxarılması üçün Atlantik okeanı sahillərindəki limanlara 4 boru kəməri çəkilmişdi. Kəmərlərin əksəriyyəti yerüstü idi, bəzi yerlərdə onlar yerin altından keçirdi. Artıq 1914-cü ildə ABŞ-da 14 min kilometr, Rusiyada isə 1278 kilometr boru kəməri vardı.

Rus İmperiyasında ilk neft kəməri 1878-ci ildə “Nobel qardaşları” şirkətinin Balaxanıdakı mədənlərindən Qara şəhərə çəkilmişdi. İstedadlı mühəndislər Aleksandr Bari və Vladimir Şuxovun layihəsinə əsasən inşa edilmiş bu kəmərin uzunluğu 9 kilometr, diametri 3 düym (7,62 santimetr), ötürmə qabiliyyəti isə 80 min pud idi. Şuxovun irəli sürdüyü prinsiplər indi də kəmər çəkilişində tətbiq olunur. Beləliklə, 1878-ci ildə inşa edilmiş Bakı boru kəmərini hazırkı güclü magistral kəmər şəbəkəsinin təməl daşı hesab etmək mümkündür.

Dağ-Mədən İnstitutunun professoru Konon Lisenko Rusiya İmperator Texniki Cəmiyyətinə hesabatında ilk Bakı boru kəməri ilə əlaqədar yazırdı: “Boru kəməri bütün iqtisadi və texniki hesablamaları doğrultdu... Neft kəmərləri ilk növbədə neftin emal zavodlarına nəqlinin dəyərinə təsir edəcək, bu isə kapital məsələsidir”. Qeyd edək ki, inşasına 100 min rubl sərf olunmuş kəmər bircə ildə bütün məsrəflərini çıxardı. Bu kəmərlə gündə 35 min puda yaxın neft nəql olunurdu.

1879-cu ildə özlərinin “Bari, Sıtenko və Кº” şirkətini quran A.Bari və V.Şuxov neft sahibkarı Q.M.Lianozovdan uzunluğu 11,5 verst (12,25 kilometr) olan digər bir analoji neft kəmərinin inşası sifarişini alırlar. 1879-cu ildə Balaxanıdan Qara şəhərə çəkilmiş ikinci neft kəməri daha keyfiyyətli idi. Mühəndislər bir-birinin ardınca digər neft sahibkarlarından da sifarişlər almağa başlayırlar. 1884-cü ildə Bakı mədənlərində ümumi ötürücülük qabiliyyəti gündə 200 min puddan çox olan beş neft kəməri fəaliyyət göstərirdi.

1894-cü ildə Şuxov yazırdı ki: “1879-cu ildə Bakıda inşa edilmiş neft kəmərləri hələ də fasiləsiz işləyir və yüksək təzyiqə baxmayaraq, boruların hələ ki təmirə ehtiyacı yoxdur”.

1882-ci ildə məşhur kimyaçı Aleksandr Letni Rusiya İmperator Texniki Cəmiyyətinin iclasında Qərbə neft ixracını artırmağı və bu məqsədlə əvvəlcə Bakıdan Qara dənizin sahillərinə neft kəmərləri çəkilişini təklif etdi. Mendeleyev də bu ideyanı dəstəklədi. Onun nüfuzu 1897-ci ildə o dövr üçün dünyada ən uzun magistral xəttin – 829 verstlik (1 verst 1070 metrə yaxındır) Bakı–Batum kəmərinin tikintisinə təkan verdi. Bu unikal kəmərin inşası 1905-ci il inqilabına görə ləngidi və yalnız 1907-ci ilin iyulunda kəmər istifadəyə verildi.

Bakı–Batum neft kəməri ideyası 1883-cü ildə Zaqafqaziya dəmir yolunun çəkilişindən, Xəzər dənizi və Volqa çayı arasında birbaşa əlaqənin yaradılmasından dərhal sonra meydana çıxdı. Bu ideyanın gerçəkləşdirilməsində ilk real cəhdi amerikalı Herbert Tvedl göstərmişdir. 1877–78-ci illərdə o, maliyyə nazirliyinin məmuru Konstantin Bodisko ilə birlikdə “Xəzər–Qara dəniz neft kəmərləri yoldaşlığı” layihəsinin dörd variantını təklif etmişdi.

Boru kəmərləri eksperti, dövlət müşaviri, texnologiya doktoru İ.P.Arxipov qeyd edirdi ki, neft kəmərinin tikilməsi ilə “Batumda da Bakıda olduğu kimi Qara şəhər meydana çıxacaq”. O düşünürdü ki, neftin emal prosesini hasilat yerindən istehlak yerinə köçürməklə təxminən 10 milyon rubla qənaət etmək olar.

Əvvəlcə oxucuları Batumla tanış edək. Müasirlərin yazdığına görə, şəhər 1878-ci ilin avqustunda Rusiya imperiyasının tərkibinə daxil olarkən təxminən 2000 nəfər əhalisi olan adi türk məskəni idi. Şəhərin dar dəhlizə bənzəyən küçələrinə iki fayton birdən sığışmırdı. Amma Bakı neft işinin inkişafı ilə burada da Avropa şəhərlərinə xas cizgilər görünməyə başlandı. Artıq buxtada ticarət və gəmiçilik idarələri, müxtəlif xarici agentliklər fəaliyyət göstərirdi. Məşhur ingilis publisisti Maykl Bruks yazırdı: “Əgər Bakı nefti olmasaydı, Batum tacirlər məkanı olaraq qalacaqdı. Neft burada təkcə sənaye və nəqliyyatı hərəkətə gətirmədi, daha böyük “yanğınlar” törədən “qığılcım”a döndü”. 1936-cı ildən sonra Batum Batumi, Tiflis isə Tbilisi adlandırıldı.

1886-cı ilin noyabrında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev də daxil olmaqla bir qrup bakılı neft sahibkarı Trans-Qafqaz boru kəmərinin inşasına icazə verilməsi xahişi ilə Dövlət Əmlakı Nazirliyinə müraciət etdi. Nazirlər Kabineti kəmərin inşası barədə qərarı yalnız 1893-cü ildə verdi. Kəmərin çəkilişi A.V.Barinin şirkəti cəlb olunmaqla hökumətin sifarişi ilə yerinə yetiriləcəkdi.

Sahibkarlar arasında Xəzər–Qara dəniz kəmərinin çəkilişi ilə bağlı fikir ayrılıqları Bakı neft sənayesinin inkişafı ilə yaxından maraqlanan Mendeleyevi məyus etmişdi. Onun fikrincə, kəmərin çəkilişindən imtina etmək sənayeni arzuolunmaz istiqamətə yönəldə bilərdi. Dağ mühəndisi A.M. Konşin də belə hesab edirdi ki, neft mərkəzlərini Qara dənizin limanları ilə birləşdirən kəmərlər olmasa, Rusiya kerosin ticarətində Amerika ilə rəqabətə girişə bilməyəcək. Kəmərin əleyhinə olanlar iddia edirdilər ki, bu layihə Amerika ilə rəqabətdə şansları yüksəltməyəcək, əksinə, onları Amerikanın zərbəsi altında qoyacaq.

Rotşild, Tağıyev, İlimov, Bağırov kimi sahibkarlar isə kəmər ideyasını dəstəkləyirdilər. Rotşild Şuxovun kəmərin layihəsi üzrə apardığı işləri maliyyələşdirirdi, Tağıyev Rusiya İmperator Texniki Cəmiyyətinin iclasında çıxış edərək Bakı kerosininin Bakı–Batum kəməri ilə ixracının dəqiq mənzərəsini çəkmişdi. Həmin çıxış o qədər aktual idi ki, dərhal çap olunaraq sözügedən cəmiyyətin bütün üzvlərinə və digər neft sahibkarlarına göndərilmişdi. Tağıyevin təşəbbüsü ilə yerli sahibkarlar bu layihəni maliyyələşdirmək üçün səhmdar cəmiyyət yaratmışdılar.

1896-cı il mayın 23-də Rusiyanın Dövlət Şurası Zaqafqaziya dəmir yolu boyunca boru kəmərinin inşası barədə qərar qəbul etdi. Layihəyə rəhbərlik Nəqliyyat Nazirliyinin mühəndislər şurasına tapşırıldı. Layihənin işlənilib hazırlanması isə professor N.L.Şukinə həvalə olundu. Şukin hələ ABŞ-da ezamiyyətdə olarkən boru nəqliyyatı işi ilə tanış olmuşdu. Bu, dünya praktikasında dəmir yolu boyunca çəkiləcək ilk kerosin kəməri idi. Yüksək uçuculuq və buxarlanma xüsusiyyətinə malik kerosinin neft sisternləri və sərnişin qatarlarının yaxınlığında nəql olunması təhlükə mənbəyi ola bilərdi. Şukin yanğın təhlükəsinin qarşısını almaq üçün boruların keyfiyyətinə xüsusi diqqət yetirirdi. Borular Mariupol, Yekaterinoslav və Sosnovitsı zavodlarından gətirilirdi.

Mixaylovo–Batum kerosin kəmərinin inşasına hazırlıq işləri 1896-cı ilin sentyabrında başlandı. 1899-cu ilin iyununa kimi artıq kəmərin 144 kilometri çəkilmişdi. Onun 51 kilometri yerin altından keçirdi. Kəmərdə sızmalara yol verməmək üçün hər 2–4 kilometrdən bir tərs klapanlar bərkidilmişdi. Təzyiq aşağı düşdükdə avtomatik qurğu nasosları dayandırırdı. Buxar maşını ilə işləyən “kompaund” nasoslar Amerikanın “Vortinqton” zavodundan gətirilmişdi.

Bakı neft sənayesinin sürətli inkişafı, xaricdə kerosinə olan tələbatın artması II Nikolayı 1901-ci il iyulun 12-də Bakı–Batum kəmərinin zəruriliyinə tam inandırdı və onun tikintisi barədə qərarı imzalamağa məcbur etdi. 1904-cü il dekabrın 30-da kəmərin ikinci hissəsi, 1906-cı il iyunun 1-də üçüncü hissəsi istifadəyə verildi. 1907-ci il iyulun 21-də 16 ötürücü stansiyaya, illik 800 min ton gücə malik Bakı–Batum kəməri tamamilə istismara hazır idi.

Diametri 200 millimetr, uzunluğu 885 kilometr olan Bakı–Batum kəmərinin tikintisi 10 il davam etmişdi. Bu o vaxt üçün dünyada ən uzun magistral boru kəməri idi. Kəmərin rəsmi açılışı 1907-ci il iyulun 24-də Tiflisdə oldu.

Bakı–Batum kəmərinin sonrakı taleyi də maraqlı olmuşdur. 1925-ci ildə SSRİ Dövlət Komissiyası Batum neft emalı zavodunu işə salmaq məqsədilə kerosin kəmərinin neft kəmərinə çevrilməsi haqqında qərar qəbul etmişdir. 1917-ci il inqilabından sonra hasilatın texnologiyasına dərinlik nasosları və mancanaq dəzgahları əlavə edilmiş və nəhayət, 1921-ci ilin mayında Bakı–Batum kəməri ilə Avropaya neft göndərilməyə başlanmışdır. O dövrdə sovet ölkəsi üçün möhkəm dönərli valyuta gətirən yeganə məhsul neft idi.