"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

22-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransı

Konfransı giriş sözü ilə forumun təşkilatçısı olan “ITE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmış və iştirakçıları salamlamışdır. 
 ..

Neft irsimizdən 

Məşhur xanəndə, xalq və yerli zənginlər tərəfindən sevilən Seyid Mirbabayev neftin gözlənilməyən  var-dövlət bəxş etdiyi bakılılardan olub. Onu bir-birinin ardınca toylara və məclislərə dəvət edir, ona bahalı bəxşiş və pul hədiyyə edirdilər. Varşavada onun səsi qrammofon valına yazılmış və bu vallar çox baha qiymətə satılmışdır.

 




MEMARLIQ

Neft irsimizdən 

Məşhur xanəndə, xalq və yerli zənginlər tərəfindən sevilən Seyid Mirbabayev neftin gözlənilməyən  var-dövlət bəxş etdiyi bakılılardan olub. Onu bir-birinin ardınca toylara və məclislərə dəvət edir, ona bahalı bəxşiş və pul hədiyyə edirdilər. Varşavada onun səsi qrammofon valına yazılmış və bu vallar çox baha qiymətə satılmışdır. Bir dəfə Seyidi və onun çalğıçıarını çox zəngin bir toya dəvət etmişdilər. Varlı valideynlər yeganə oğullarına toy eləyirdilər, buna görədə əllərindən gələni əsirgəməmişdilər. Həyatında çox şey görmüş Seyid belə adlı-sanlı qonaq axınından çox heyrətlənmişdi. Qonaqları arasında kimlər yox idi –bir-birinin bəhsinə geyimlərinin təmtərağı, qızıl və bahalı daş-qaş bolluğu və şabaş verməkdə əliaçıqlığı ilə lovğlanan neft milyonçuları, tacirlər, gəmi və mülk sahibləri. Seyidin hər mahnısından sonra onlar sözün əsl mənasında Seyidi və çalğıçılarını qızıl pul və əsginas yağışına tuturdular. Bəyin zəngin geyimli, belində qızıl kəmər, üstündə qızıl silah və üzəri brilyant və yaqutlarla işlənmiş medalyonlar asılmış dayısı Seyidin oxumasından məftun olaraq xanəndəyə səsləndi: “Seyid, mənə nənəmdən miras qalan “Bala şoranlıq”dakı quyunu sənə hədiyyə verirəm. Orada qazma işlərini hələ bitirməyiblər, amma mən hər şeyi öz boynuma götürürəm. Quyu fontan vursa, milyoncu olacaqsan. İndi isə Allah bütün ölənlərinə rəhmət eləsin, yenədə mühtəşəm bir ifa ilə qəlbimizi şad et”.

Təbii ki, belə hədiyyədən sonra Seyid lap bülbül kimi ötdü. Sağ əlini qulağına dayadı və adsız barmağındakı üzüyünün iri brilyantını işıldadaraq (xanəndə nadir daşların bilicisi idi və qiymətli kolleksiya toplayırdı) inanılmaz zil notlarda ağasığmaz zəngulələr  vurdu. Bütün məclis məst olmuşdu. Şabaş xanəndənin qavalına payız xəzanı kimi tökülürdü.

Qonaqlar o toyu uzun müddət unutmadıar. Seyid Mirbabayevin yadında da o toy çox yaxşı qaldı,  çünki o toydan az sonra onun “Bala şoranlıq”dakı quyusu ətrafdakı bütün sahələri ″qara qızıl″ yağışına tutaraq fontan vurdu və bir an içində xanəndə Seyidi milyonçu Seyid Ağaya çevirdi.

Maraqlıdır ki, varlanan kimi Seyid Mirbabayev əvvəlki peşəsindən utanmağa başladı. İş o yerə çatdı ki, o, Varşavada yazılan bütün vallarını alıb hamısını xıncım-xıncım etdi ki, heç nə ona keçmişini xatırlatmasın və indiki vəziyyətin  sanbalını azaltmasın.

Yeri gəmişkən, Seyid Mirbabayevin qrammofon valları haqqında daha bir maraqlı hekayə var. İnanıram ki, dəyərli oxucu, o, sizin xoşunuza gələcək.

Seyid Mirbabayevdən sonra Varşavaya səsyazma üçün qarabağlı xanəndə Seyidi dəvət etmişdilər. Onun səsi də milli musiqi pərətişkarlarının xoşuna gəlmişdi və onlar onu vala yazmışdılar.

Müğənninin adının Seyid olduğunu öyrənən varşavalılar çox təəccüblənmişdilər: axı onlar bir dəfə Seyid adlı adamın valını yazmışdılar: ″Bu necə ola bilər axı –o da Seyid, sən də Seyid!″ Çox götür-qoydan sonra belə qərara gəlmişdilər ki, iki Seyidi fərqləndirmək üçün ikincinin adını Şuşinski qoysunlar. Elə bu adla da o, xalq arasında məşhurlaşdı.

Seyid Mirbabayev isə milyonlar sahibinə çevriləndən sonra digər milyonçulardan geridə qalmamaq üçün böyük ev almaq qərarına gəldi. Məsləhət üçün milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevə müraciət etdi: bəs belə belə, ev almaq istəyirəm. O isə cavab verdi: mənim Bakıda evlərim çoxdur, istədiyini seç. Təbii ki, ailəmin qaldığı ata mülkündən başqa. Seyid Tağıyevə təşəkkür etdi: çox sağ olun, Hacı, amma mənim sizin evlərinizdə gözüm yoxdur. Hacı Zeynalabdin bir qədər fikirləşəndən sonra təklif etdi:

“Belə olan halda mən dəniz qırağındakı müflisləşmiş bədbəxt iş adamının satdığı mülkü almağı məsləhət bilirəm. Bəlkə onu ala bilərsən. Çox yaxşı evdir və mənimkindən heç də geri qalmır. Mən özüm də evimi tikənə qədər bir neçə il orada yaşamışam. Məndən sonra həmin evdə Ağa Musa Nağıyev öz ailəsi ilə yaşayıb”. H.Z. Tağıyev Seyid Mirbabayevə hətta öz mühasibini məsləhət gördü ki, milyoncu-xanəndə alğı-satqını rəsmiləşdirməyə kömək etsin. Nəhayət, sövdələşmə baş tutdu. O gündən etibarən evi onun yeni sahibinin şərəfinə adlandırdılar –Mirbabayevin evi.

Hazırda ARDNŞ Baş ofisinin yerləşdiyi gözəl üç mərtəbəli evin bu il 115 yaşı tamam olur. Tikildiyi andan bu gunə qədər bina bir neçə dəfə satılmış, kirayəyə verilmiş, 1917-ci ildə oktyabr  çevrilişindən sonra isə burada Azərbaycan hökuməti yerləşmişdir.

Hər şey isə ondan başladı ki, 1896-cı ildə Kokorev sahəsində tacir Kolyubakinin balıq satış məntəqələri yerləşən keçmiş Kolyubakin meydanında memar P. Şternin layihəsi ilə üçmərtəbəli ev tikildi. O vaxt (elə indi də ) bu bina Bakının şəhərsalma strukturunda ən aktiv mövqe tuturdu.

Fasadın mərkəzi hissəsində günbəzşəkilli tamamlamaya malik binanın üçmərtəbəli monumental həcmi özündə fransız İntibahının memarlıq kompozisiyasını daşıyır. Fasadın zəngin plastikası, memarlıq detallarının qeyri-adi forması və mükəmməlliyə çatdırılmış tikinti mədəniyyəti bu binanı inanılmaz dərəcədə füsunkar edir.

Azərbaycan Demokratik Respublikası dövründə binanın birinci mərtəbəsində o zamanlar şotlandiyalı Con Lesli Urkvart (John Leslie Urquhart, 11.04.1874 −13.03.1933) tərəfindən idarə edilən Böyük Britaniya konsulluğu yerləşirdi. 1904-cü ilin təqvimində göstərilmişdir ki, bu binada yerləşən idarələr arasında “Salamandr” sığorta cəmiyyəti, A.Q. Tağıyevin kontoru, “Bakı neft və ticarət cəmiyyəti” neft kontoru, “Kerosin və yağ istehsalı cəmiyyəti”, “Oleum” rus neftinin və maye yanacağın əldə edilməsi üzrə cəmiyyət” kontoru, D. Tağıyevin “Quru meyvələr” kontoru, “Vulkan” cəmiyyəti və digərləri vardı. 1913-cü ildə bu bina Bakının şəhər rəisi, Jandarm Korpusunun polkovniki P.İ. Martınovun sərəncamında olmuşdur.

Hacı Zeynalabdin Tağıyev Seyid Mirbabayevə tez-tez öyüd verirdi: “Bax a, Ağa, səsinin qeydinə qal –bu sənə Allah vergisidir, onu heç bir pula almaq mümkün deyil...”